Noyabrın 11-də “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi

Noyabrın 11-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi. Aksiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edirdi.
Aksiyada müxtəlif nazirliklərin, təhsil müəssisələrinin əməkdaşları, o cümlədən Bakı İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi, müəllim və tələbə heyəti fəal iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarını təbrik edərək, ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi baxımdan bu günün mühüm tarixi əhəmiyyət daşıdığını qeyd etdi.
Noyabrın 11-də ərazisi 37,2 hektar olan “Gənclik” parkında ağacəkmə aksiyası gedişində 30 minə yaxın ağac əkildi.
Qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var.
Ağacəkmə aksiyasının sonunda iştirakçılarla xatirə şəkilləri çəkdiriblər.