BİTK-də “Müstəqillik Günü” qeyd olundu.

Oktyabrın 18-də Bakı İdarəetmə və Texnologiya Kollecində Azərbaycan Respublikasının Dövlət Müstəqillik  gününə həsr olunmuş tədbir keçirildi.
Azərbaycanın Dövlət himninin səsləndirilməsindən sonra tədbir açıq elan olundu.

Tədbiri giriş sözü ilə açan BİTK-in direktoru Faiq Şahbazlı Azərbaycanın Dövlət Müstəqilliyi Gününün 28-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bu günün  mühüm tarixi  əhəmiyyətindən danışdı.

Faiq Şahbazlı müstəqilliyin əvəzsiz bir nemət olduğunu, Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi yaşar  və dönməz etdiyini vurğuladı.

Bu siyasətin uğurla davam etdirildiyini bildirən direktor qeyd etdi ki, hazırda Ulu öndərin siyasi kursu onun layiqli davamçısı olan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyi qorunur və daha da möhkəmləndirilir.

Kollecin şöbə müdiri Nərminə Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycanın Dövlət Müstəqilliyi günü - Azərbaycan tarixinin ən mühüm günlərindən biri olaraq hər il 18 oktyabrda qeyd edilir.

Azərbaycan xalqı XX əsrdə iki dəfə müstəqillik əldə etməklə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan 70 il sonra yarandı. SSRİ -nin dağılması prosesi Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu.

Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.

N. Məmmədova daha sonra qeyd etdi ki, əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il nəhəng neft müqaviləsi olan “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin və qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu.

Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

N. Məmmədova Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğula.

Sonda “Müstəqillik günü” nə həsr olunmuş videofilm nümayiş olundu.