Baki İdarəetmə və Texnologiya Kollecində yeni dərs ilinin başlanması qeyd edildi

2019-cu il 16 sentyabrda Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) yeni tədris ilinin başlanması ilə bağlı tədbir keçirildi.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan BİTK-in direktoru Faiq Şahbazlı tələbə adını yenicə qazanmış gənclərimizi, eləcə də kollecdə təhsil alan bütün tələbələri, onların valideynlərini və müəllim heyətini yeni tədris ili münasibəti ilə təbrik edərək, onlara uğurlar arzuladı.

Faiq Şahbazlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə olan diqqət və qayğıdan danışdı.

Qeyd olundu ki, bu il kollecdə yüksək səviyyədə təmir işləri aparılıb. Kollecin müasir tələblərə cavab verən yeməkxanası, oxu zalı olan kitabxanası tələbələrin istifadəsinə verilıb. Otaqların sayı artılıb.

Bakı İdarəetmə və Texnologiya Kolleci artıq həm xarici görünüşü, həm daxili dizayn baxımından Respublikanın ən gözəl təhsil ocaqlarından birinə çevrilib. Tələbələrin təhsili, eləcədə müəllimlər üçün bütün şərait yaradılıb. Bu, böyük nailiyyətdir.

Təhsilin səviyyəsinin yüksək olması, tələbələrin gələcəkdə cəmiyyətdə layiqli yer tutması isə bilavasitə müəllimlərdən asılıdır. Bu baxımdan cəmiyyətimiz üçün peşəkar, yüksək intellektli, müasir texnologiyadan istifadə etməyi bacaran kadrların yetişməsi işində müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Vətənə bağlılıq, peşəkarlıq və yüksək biliyə malik olmaq – bunlara yiyələnən tələbələr ölkəmizi irəli aparacaqdır.

Tədbirdə kollecin Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova, Təlim-tərbiyə üzrə direktor müavini Pərvanə İsmayılova, o cümlədən yüksək balla qəbul olunmuş tələbələrin valideynləri yeni tələbə adı qazanan gəncləri təbrik edərək, onlara təhsil sahəsində uğurlar arzuladılar.