Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) ümummilli lider Heydər Əliyevin xatirəsi anıldı.

Mayın 10-da BİTK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə kollecin rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak edirdi.
Kollecin akt zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən, Azərbaycanın müasir tarixində, dövlətimizin tərəqqisində, ictimai-siyasi və sosial sahələrdə rolundan, həmçinin ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən söz açdı.
BİTK-nin tarix müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova çıxışında demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında, ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində Heydər Əliyevin misilsiz fəaliyyətinə, respublikada milli zəmində hərbi-təşkilati işinin təşkili, Sovet dövründə milli zabit kadrların hazırlanması məsələsinə diqqəti cəlb etdi. 
N. Məmmədova qeyd etdi ki, Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin zirvəsi Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbin açılması sayıla bilər. Bu məktəbin açılması Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyətinin nişanəsidir. C. Naxçıvanski adına Hərbi Lisey Heydər Əliyevin diqqət və qayğısı ilə qısa vaxt ərzində ən müasir hərbi təhsil müəssisəsinə çevrilmişdir.
Çox böyük maneələrin mövcud olmasına baxmayaraq milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması Heydər Əliyev mübarizliyinin təntənəsi idi. Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra Heydər Əliyevin necə böyük uzaqgörən olduğu bir daha öz təsdiqini tapdı.
BİTK-nin tarix müəllimi Aynur Ağayeva Ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan, Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etməsindən və sürətlə inkişaf edən dövlətə çevirməsindən danışıdı.
Tədbirdə Ümummilli liderin zəngin fəaliyyətinə həsr olunmuş filmlər, eləcə də foto-slaydlar nümayiş edildi.
Rəsmi hissədən sonra kollecin tələbələrinin ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləndi. 
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə kollecin foyesində stend hazırlanmışdır. Stenddə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkillər, həmçinin müxtəlif kitablar sərgiləndi.
Tədbirə aid foto şəkilləri buradan izləyə bilərsiniz.