Pedaqoji Şuranın iclası keçirilib 24.04.2019

Aprelin 24-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) Pedaqoji Şuranın növbəti iclası keçirildi.
İclası şuranın sədri, kollecin direktoru Faiq Şahbazlı açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış etdi:
1.”Metodkabinet”də metodiki işin təşkili vəziyyəti barədə məlumat.
2.Kafedralarda görülən işlər və fənn proqramlarının vəziyyəti.
3.Qiyabi şöbədə tədrisin vəziyyəti.
4.Tədris təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti.
5.Kütləvi tədbirlərin təşkili vəziyyəti barədə məlumat.
6.Yekun Dövlət Attestasiya imtahanlarına hazırlığın vəziyyəti.
7.Cari məsələlər.
Gündəlikdə olan birinci məsələ ilə bağlı “Metodkabinet”in müdiri Xəlil Bağırov çıxış etdi. X. Bağırov çıxışında 2018/2019-cu tədris ilinin ikinci yarımilində fəaliyyət planına uyğun olaraq müəllimlərin dərslərində iştirak edildiyini, nəticələrin müəllimlərin iştirakı ilə təhlil olunduğunu, pedaqoji ustalığın artırılması, qabaqcıl təcrübənin tətbiqi və yayılması ilə bağlı müəllimlərə müvafiq metodik tövsiyələrin verildiyini vurğuladı.
İkinci məsələ ilə bağlı kafedra müdiri Səidə Bayramova və Tədris hissə müdiri Təranə Məmmədova çıxış etdilər.
S. Bayramova “Təbiət elmləri” kafedrasında görülən və görüləcək işlərlə bağlı ümumi məlumat verdikdən sonra Tədris hissə müdiri Təranə Məmmədova 2018/2019-cu tədris ilinin ikinci yarımilində “Kafedralarda görülən işlər və fənn proqramlarının vəziyyəti ilə bağlı çıxış etdi. T. Məmmədova növbəti 2019/2020-ci tədris ilində “Dizayn”, “Poliqrafiya istehsalatının texnologiyası”, “Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə”, “İnformasiya təhlükəsizliyinin təminatının təşkili” ixtisaslarında yeni fənn proqramlarının hazırlandığını və müvafiq kafedralarda müəllimlər və metodistlər tərəfindən müzakirə olunduğunu qeyd etdi.
Tədris hissə müdirinin sözlərinə görə, Bakı İdarəetmə və Texnologiya Kollecində altı İKT ixtisası üzrə subbakalavr hazırlığı həyata keçirilir. Növbəti ildə təhsil standartları yenidən işlənəcək və bu sahədə BİTK pilot kolleclərdən biri kimi iştirak edəcək, həmçinin 2 İKT ixtisası üzrə standartların hazırlanması kollecin ixtisasçı müəllimlərinə həvalə edilib.
Üçüncü məsələ ilə bağlı Qiyabi şöbənin müdiri Gülşən Əzizova məruzə ilə çıxış etdi. Qiyabi şöbədə tədrisin vəziyyəti ilə bağlı ətraflı məlumat verən G. Əzizova qeyd etdi ki, 2018/2019-cu tədris ilində şöbədə kompüter ixtisası üzrə 5 buraxılış qrupunda 64 tələbə təhsil alır. Bu tələbələrdən 2 nəfəri payız imtahan sessiyasında dərsə davamiyyətə görə akademik borcları qaldığına görə sessiyaya buraxılmayıb, təkrar kursda saxlanılıb. Digər 62 tələbə 2019-cu ilin 13 aprel- 03 may tarixlərində yaz imtahan sessiyasına buraxılıblar. Sessiya müddətində şöbədə 17 imtahan olacaq. Bu günə qədər artıq bu imtahanlardan dördü keçirilib. Buraxılış qrupları 2019-cu ilin may ayının 04-dən 31-dək “Diplomqabağı” təcrübədə iştirak edəcəklər. Hal-hazırda buraxılış qrupları imtahan sualları və mühazirələrlə təmin olunublar.
Dördüncü məsələ ilə bağlı təcrübə rəhbəri Ramal Əməşov məlumat verdi. R. Əməşov tədris-istehsalat təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkilinin vəziyyəti ilə bağlı bildirdi ki, 2018/2019-cu tədris ilində 14 ixtisas üzrə ümumilikdə 558 nəfər tələbə təcrübəyə buraxılıbdır. 2019-cu ilin 16 fevralından 15 martınadək kollec daxilində olan tədris təcrübəsindən 492 nəfər əyani formada təhsil alan tələbədən 30 nəfəri tədris təcrübəsində iştirak etmədiklərinə görə qeyri-müvəffəq, 462 nəfər isə müvəffəq qiymət almışdır.
Beşinci məsələ ilə bağlı Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova məlumat verdi. Tərbiyə işləri üzrə direktor müavini kollecdə keçirilən kütləvi tədbirlər, bu tədbirlərin milli-mənəvi dəyərlərin təbliğindəki əhəmiyyətindən danışdı. P. İsmayılova Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri; 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə ədəbi-bədii proqram; “Milli-mənəvi dəyərlərdən gələcəyə” mövzusunda tələbələrin əl işlərindən ibarət sərgi; İçtimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (İSBAM) təşəbbüsü ilə “Fədakarlıq məktəbi” adlı layihə əsasında keçirilən tədbirlərin milli-mənəvi dəyərlərin təbliğində xüsusi rol oynadıqlarını qeyd etdi.
Altıncı məsələ ilə bağlı Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova məruzə ilə çıxış etdi. Tədris işləri üzrə direktor müavini 2018/2019-cu tədris ilinin Yekun Dövlət Attestasiya İmtahanlarına hazırlığın təşkili və keçirilməsi barədə hesabat verdi. O, bildirdi ki, Təhsil haqqında qanuna uyğun olaraq, orta ixtisas təhsili müəssisələrində əsas fənlərin tədrisi və orta ixtisas peşə təhsili proqramları başa çatarkən həmin fənlər üzrə Dövlət Attestasiyasının keçirilməsi məcburidir. O, qeyd etdi ki, kollecdə 2018/2019-cu tədris ilinin Yekun Dövlət Attestasiya İmtahanlarına hazırlıq 2019-cu ilin yanvar ayından başlanıb. 14 ixtisas üzrə 28 qrup əyani, 5 qrup qiyabi şöbədə 553 nəfər tələbə üçün Yekun Dövlət Attestasiya imtahanları keçiriləcək. Direktor müavini dövlət imtahanlarına hazırlıq prosesində nəzərdə tutulan imtahan suallarının vaxtında tələbələrə çatdırıldığını, biletlərin tərtib və təsdiq olunduğunu, həmçinin digər hazırlıq işlərinin görüldüyünü vurğuladı.
Tədris işləri üzrə direktor müavini bildirdi ki, Yekun Dövlət Attestasiya İmtahanları əyani şöbədə 2019-cu ilin iyun ayının 10-dan - 25-dək, qiyabi şöbədə isə 3-dən 18-dək davam edəcək. Əyani şöbədə 29 imtahan, qiyabi şöbədə isə 10 imtahan olacaq. İmtahanlar 2 növbədə keçiriləcək.
Gündəlikdəki məsələlərin müzakirəsi və hesabat məruzələri dinlənildikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı çıxış edərək səsləndirilən fikirlərə münasibətini bildirdi.
2018/2019-cu tədris ilinin ikinci yarımilində görülən işlər və qarşıda duran vəzifələr haqqında danışan F. Şahbazlı çıxışında vətəndaş cəmiyyətində hər bir şeyin təhsildən başladığını, Azərbaycanın dünya dövlətləri sırasında özünə layiqli yer tutması, rəqabət qabiliyyətli olmasının əsasında məhz bacarıqlı, təşəbbüskar, dövlət və dövlətçilik təfəkkürünə malik olan gənclərin yetişdirilməsinin dayandığını vurğuladı.
Kollecin direktoru cari məsələlərlə bağlı verilən sualları cavablandırdıqdan sonra 2018/2019-cu tədris ilinin ikinci yarımilində səmərəli əmək fəaliyyəti göstərməsi üçün kollektivə uğurlar arzuladı.
Yekunda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.