BİTK-də tələbələrin əl işlərindən ibarət sərgi

15 mart 2019-cu il tarixində Bakı İdaretmə və Texnologiya Kollecində “Milli-mənəvi dəyərlərdən gələcəyə” mövzusunda tələbələrin əl işlərindən ibarət sərgi keçirildi.

Sərgidə mədəniyyət və elm xadimləri, moda sahəsində tanınmış mütəxəssislər, kollecin əməkdaşları,müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, fil. üzrə fəlsəfə doktoru, dosent Faiq Şahbazlı sərgilərin milli-mənəvi dəyərlərin təbliğinindəki əhəmiyyətindən danışdı. Faiq Şahbazlı bildirdi ki, gənclik hər bir millətin inkişafının təməl daşıdır. Məhz bu səbəbdən bir millətin mövcudluğu üçün sağlam gəncliyin olması vacib şərtdir. Çünki ölkədə müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların milli ruhda, milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən asılıdır. Gənc nəslin milli ruhda tərbiyəsi: - soy kökümüzdəki, milli mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətləri yeniləşdirməkdən, dirçəltməkdən və təlim-tərbiyə prosesində ondan maksimum istifadə etməkdən ibarətdir.

Faiq Şahbazlı vurğuladı kı, keçirilən bu cür tədbirlər hər bir xalqın qədim tarixinin, zəngin mədəniyyətinin göstəricisi olan milli incəsənət nümunələri Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə təkan verir, onlarda- soy kökümüzə, milli mədəniyyətimizə sevgi hisslərinin aşılanması üçün şərait yaratdığına görə aktuallığı durmadan artmaqdadır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə “Dizayn”, “Zərgərlik”, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi” ixtisasları üzrə gənc istedadlar professional kompetensiyalara malik, kolleksiyalarını nümayiş etdirdilər.

Sərgidə xalqımızın milli ənənələrini, mədəniyyətini əks etdirən Azərbaycan xanımlarına məxsus geyim modalarıvə zinət əşyalarından ibarət kolleksiyalar nümayiş olundu.

İştirakçılar daşların gözəlliyi, qeyri-adi naxışlarla bəzədilmiş zərgərlik məmulatlarını çox bəyəndilər. Hər bir əl işi unikal olmaqla, heç biri digərini təkrarlamırdı.

Ənənəvi və müasir geyim stillərini özündə əks etdirənzəriflik və gözəllik nümunələri olan geyim moda nümunələri iştirakçıları heyran qoydu.

Kağız, parça, eskiz üzərində iş, muncuqla şüşə üzərində müxtəlif təsvirləri əks etdirən məmulatlarkeyfiyyəti və rəngarəngliyi baxımından  maraq doğururdu.

Fərqli baxış bucağının məhsulu olan məmulatlar və onlarda qədimliklə müasirliyin harmoniyası iştirakçılara xoş ovqat bəxş etdi.

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecin direktoru, professor, əməkdar incəsənət xadimiNazim Kazımov, Təhsil İnstitutunun direktor müavini, pedaqoji elmlər namizədi, dosent Ənvər Abbasov, Təhsil İnstitutunun baş elmi məsləhətçisi, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov, Azərbaycan Texniki Universitetinin nəzdində  Bakı Texniki Kollecin direktoru Fərrux Məmmədov və digər qonaqlar çıxışlarında sərgiyə yüksək qiymət verərək, belə tədbirlərin gənclərdə yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinə, onların mənəvi inkişafına, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunmasına, yüksək mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasına müsbət təsir göstərəcəyini vurğuladılar.

Modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova Azərbaycan geyim mədəniyyətində milli dəyərlərin üzə çıxarılması, milli dəyərlərin qorunması və təbliğində belə sərgilərin keçirilməsininin böyük əhəmiyyət daşıdığıxüsusi qeyd etdi.

Sonda Faiq Şahbazlı təşkilatçılar və iştirakçılara öz təşəkkürünü bildirdi.

Tədbirdən fotoları sizə təqdim edirik.