“Respublika şəhid ailələrinə Xeyriyyə Mərkəzi”nin rəhbəri, prof. Rəfiqə Əsgərova ilə görüş

 

Martın 4-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) “Dövlət və qanun” qəzetinin təşəbbüsü və Lideraz.TV-nin dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, “Respublika şəhid ailələrinə Xeyriyyə Mərkəzi”nin rəhbəri, prof., bu günlərdə 85 yaşı tamam olmuş  Rəfiqə Əsgərova  ilə görüş  keçirildi.

Tədbirdə Beynəlxalq Sülh səfiri Yasəmən Möhəbbət qızı, Ehtiyatda olan polis polkovniki, Cavidşünas - Həmid Cəfərov, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, professor Miri Həsənov, Nazirlər Kabineti İtki və Tələfatların Qiymətləndirilməsu üzrə İşçi qrupunun rəhbəri Firdovsi Kazımov, yazıçı, publisist Rəfiqə Əsgərovaya həsr olunmuş “Vətən saatı” və “Ana dünyası” kitabının müəllifi, AJB və AYB-nin üzvü -Azər Hacıbəyli, həmçinin kollecin müəllim və tələbə heyəti iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan BİTK-nin direktoru Faiq Şahbazlı Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, “Respublika şəhid ailələrinə Xeyriyyə Mərkəzi”nin rəhbəri, prof. Rəfiqə Əsgərovanın 85- illik yubileyi haqqında ümumi məlumatdan sonra çıxış üçün sözü qonaqlara verdi.

Qonaqlar Rəfiqə Əsgərova ilə bağlı ətraflı çıxış etdilər.

Kollecin müəllimi, ped.üzrə fəlsəfə doktoru Nərminə Məmmədova yubilyar haqqında və onun qızı, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın keçdiyi döyüş yolu barədə məlumat verdi. O, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın yaşadığı qısa, lakin şərəfli həyat yolunun gənclərimizə əsl örnək olduğunu diqqətə çatdırdı.

N.Məmmədova qeyd etdi ki, Gültəkin Əsgərovanın keçdiyi həyat yolu yetişməkdə olan nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük təkan verməklə yanaşı, xalqımızın qəhrəmanlıq tarixinin nümunəsi, gənc nəslin vətənpərvərlik tərbiyəsində örnəkdir.

Yekun sözü ilə çıxış edən yazıçı, publisist Rəfiqə Əsgərova onun 85- illik yubileyi ilə bağlı görüş üçün təşkilatçılara və iştirakçılara, xüsusilə kollecin direktoru Faiq Şahbazlıya minnətdarlığını bildirdi, qızı haqqında kövrək xatirələrini bölüşdü.

Tədbir tələbələrin çıxışları ilə başa çatdı.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdilər.