Bakı İdarəetmə və Texnologiya Kollecində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri

Fevralın 26-da Bakı İdarəetmə və Texnologiya Kollecində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və oxunması ilə başlayıb.

Tədbiri giriş sözü ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, dosent Faiq Şahbazlı  açaraq 27 il bundan əvvəl Xocalı şəhərinin qadın, uşaq, yaşlı demədən yüzlərlə dinc sakininin böyük amansızlıq və qəddarlıqla qətlə yetirilməsi barədə  ümumi məlumat verib və Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BİTK-nin tarix müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova “Xocalı soyqırımı –27. Tarix heç nəyi unutmur” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində Xocalı soyqırımı barədə ətraflı məlumat verib, onun baş vermə tarixindən danışaraq, bu soyqırımın tarixi yoluna qısa ekskursiya edib.

O qeyd edib ki, 2019-cu il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı sərəncama müvafiq olaraq ölkə daxilində və xaricində Xocalı soyqırımının anım tədbirıləri keçirilir.

Bu qanlı faciədən 27 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər.

Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar - 63 nəfər;  qadınlar - 106 nəfər;  qocalar - 70 nəfər olmuşdur; 8 ailə tamamilə məhv edilmişdir; 25 uşaq hər iki valideynini itirmişdir; 130 uşaq valideynlərindən birini itirmişdir.

Nərminə Məmmədova bu vəhşiliklər haqqında xarici mətbuatın yazdıqlarından bəzi nümunələrə diqqəti çəkdi:

1 mart 1992-ci il tarixində Sandi Tayms qəzeti (London) yazırdı: erməni əsgərləri minlərlə Azərbaycanlı ailəni məhv etmişlər.

4 mart 1992-ci il tarixində Tayms qəzeti (London) yazırdı: meyidlərin çoxu eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.

4 mart 1992-ci il tarixində İzvestiya qəzeti (Moskva) yazırdı: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.

13 mart 1992-ci il tarixində İzvestiya qəzeti (Moskva) Mayor Leonid Kravets yazırdı: Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.

14 mart 1992-ci il tarixində Le Mond qəzeti (Paris) yazırdı: Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.

N. Məmmədova bildirib ki, Xocalı soyqırımı ilə kifayətlənməyən erməninərin xalqımıza qarşı hərbi təcavüzünün miqyasını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq, yeddi rayonun (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğalı ilə nəticələnmişdir. Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir.

Məruzəçi “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın 20-dən çox ölkəsində bu soyqırım rəsmən tanınsa da, bəşəriyyət əleyhinə bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ hüquqi qiymət verilmədiyini diqqətə çatdırıb.

Xüsusilə gənclərin bu məsələnin mahiyyətinə varmalarının vacib olduğunu qeyd edən N.Məmmədova "bu günün mahiyyətini anlamaq hər birimiz üçün vicdan məsələsidir" deyə bildirib.

Tədbirdə " Xocalı soyqırımının 27-cı ildönümü”nə həsr edilmiş videoçarx nümayiş olunub və tələbələrin hazırladıqları ədəbi-bədii proqramla başa çatıb.