Pedaqoji Şuranın iclası keçirilib.08.02.2019

 

Yanvarın 8-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) Pedaqoji Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan kollecin direktoru Faiq Şahbazlı gündəlikdə duran aşağıdakı məsələləri səsə qoydu.

1. 2018/2019-cu tədris ilinin I yarısı: nəticələr və problemlər.

2. Tədris-istehsalat təcrübəsinə hazırlığın vəziyyəti.

3. 2018-ci il büdcə və büdcədənkənar vəsaitlərin daxil olması və xərclənməsi vəziyyəti barədə məlumat.

4.Cari məsələlər.

Gündəlikdə olan birinci məsələ ilə bağlı Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova və Tərbiyə işləri üzrə direktor müavini: Pərvanə İsmayılova məruzə ilə çıxış etdilər.

Tədris işləri üzrə direktor müavini Könül Abdurrəhimova “2018/2019-cu tədris ilinin I yarısı: nəticələr və problemlər”lə bağlı görülən işlər haqqında kollecin tədris hissə müdiri Təranə Məmmədovanın, Proqram təminatı və sistemlər” şöbəsinin müdiri Fatma Əzizbəyovanın, “Texnologiyalar və dizayn” şöbəsinin müdiri Təzəgül Abdullayevanın, “Kompüter şəbəkələri və poliqrafiya” şöbəsinin müdiri Səadət Şahbazovanın, “İnformasiya texnologiyaları və serviz xidməti” şöbəsinin müdiri Kəmalə Əliyevanın, “İqtisadiyyat və idarəetmə” şöbəsinin müdiri Təranə Vəliyevanın, Qiyabi şöbənin müdiri Gülşən Əzizovanın, “İdarəetmə” şöbəsinin müdiri Gülnarə Qurbanovanın, həmçinin “Qiymətləndirmə və Monitorinq” bölməsinin müdiri Şəhla Əhmədovanın, “Qeydiyyat” bölməsinin müdiri Aybəniz Qasımovanın məlumatlarını ümumiləşdirərək qeyd etdi ki, qış sessiyasında imtahanların təşkili və nəzarətin yüksək səviyyədə həyata keçirilməsində, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik təmin edilib.

Payız imtahan sessiyası haqqında çıxış edən tədris işləri üzrə direktor müavini bildirib ki, kollecdə 18 ixtisas üzrə 91 qrup var. Onlardan 80 qrup əyani, 11 qrup isə qiyabi şöbə üzrə təhsil aldığını bildirib.

İmtahan sessiyasında ümumilikdə 430 imtahan keçirilib. Bu imtahanlardan test üsulu ilə 171- i qeyri ixtisas fənlərdən, 259-u isə yazılı üsulla- ixtisas fənlərdən olub.

Tədris işləri üzrə direktor müavininin sözlərinə görə, 1-ci kurslar 19 qrup təşkil edir və tələbələrin sayı 321 nəfərdir. Bu qruplarda 2018-ci il 15 oktyabrdan 25 dekabradək 14 fənn üzrə 3 mərhələli Kiçik Summativ Qiymətləndirmə (KSQ) və 2019-cu il yanvarın 12-20 tarixlərində Böyük Yekun Summativ Qiymətləndirmə (BSQ) kompüter üsulu ilə keçirilib. Summativ qiymətləndirmədə 318 nəfər tələbə iştirak edib. BSQ-da müvəffəqiyyət faizi 75, keyfiyyət faizi isə 2 olub.

K. Abdurrəhimova bildirdi ki, ümumi kollec üzrə 1440 tələbə imtahanlarda iştirak edib. Bunlardan 26 tələbə əlaçı və 247 tələbə zərbəçi çıxmış, 834 tələbə adi, 333 tələbə isə qeyri-kafi qiymətlər almışdır. 2 tələbə üzürlü, 63 tələbə üzürsüz səbəbdən, 19 tələbə isə akademik məzuniyyətə buraxıldığı üçün imtahanlarda iştirak etməyib. Ümumi kollec üzrə müvəffəqiyyət faizi 77, keyfiyyət faizi isə 19-dur.

K. Abdurrəhimova onu da əlavə edib ki, imtahan sessiyası dövründə işlərindəki qüsurlarına görə, 44 nəfər müəllimə barədə ölçü götürülməsi barədə rəhbərliyə təqdimat verib.

Tərbiyə işləri üzrə direktor müavini Pərvanə İsmayılova “Münaqişə komissiyası”nın fəaliyyəti ilə bağlı çıxış edib. P.İsmayılova qeyd edib ki, 2018/2019-cu tədris ilinin payız imtahan sessiyasının obyektiv keçirilməsini təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülüb, İmtahan Mərkəzi, yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə Münaqişə Komissiyası yaradılıb. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın təmin olunmasına kömək etmək məqsədilə valideynlərin, həmçinin media nümayəndələrinin imtahanın keçirilməsində iştirakı təmin olunub. Belə ki, yanvarın 24-də BİTK-də təhsil alan tələbələrin bir qrupunun valideynləri kollecdə təşkil olunan “Açıq qapı”- da iştirak edib. Valideynlər prosesin təşkili və gedişatından razı qalıblar, imtahan prosesində obyektivlik və şəffaflığın tam təmin olunmasında rəhbərliyin gördüyü tədbirləri yüksək qiymətləndiriblər.

P. İsmayılovanın verdiyi məlumata görə, yanvarın 4-dən fevralın 1-dək Münaqişə Komissiyasına 152 müraciət daxil olub. Bu müraciətlərin 137-si yazılı qaydada, 15-i isə test üsulu ilə verilən imtahanlarla bağlı olub. Yazılı qaydada verilən imtahanlarla bağlı 137 müraciət araşdırılıb. 23 müraciət tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 15 müraciət tələbələrin xeyrinə həll edilib.

İmtahan sessiyası dövründə kollecin direktoru Faiq Şahbazlıya müraciət edənlər çox olub. Faiq müəllim böyük səbrlə tələbələri dinləyib, müvafiq tədbirlər görülüb.

İkinci məsələ ilə bağlı məlumatı Təcrübə rəhbəri Aynur Allahverdiyeva verib.

Allahverdiyeva “Tədris-istehsalat təcrübəsinə hazırlığın vəziyyəti” haqqında, tədris təcrübələrinin yekunları, istehsalat və diplomqabağı təcrübələrin təşkili barədə danışıb. O, bildirib ki, kollecdə ixtisaslar üzrə ümumi 28 qrup əyani, 5 qrup qiyabi olmaqla 511 nəfər əyani, 66 qiyabi təhsil alan tələbə təcrübə keçəcəkdir.

Əyani qruplar kollec daxilində 16.02.2019 tarixindən 4 həftə olmaqla 16.03.2019 tarixinədək tədris təcrübəsinə, 16.03.2019 tarixindən 12 həftə olmaqla 07.06.2019 tarixinədək istehsalat baza müəssisələrində diplomqabagi təcrübəyə başlayacaqlar.

Qiyabi şöbədən isə 5 ixtisas üzrə 66 nəfər tələbə may ayının 04.05-31.05 tarixlərində (4həftəlik) diplomqabagı təcrübədə iştirak edəcəklər.

Sonda A. Allahverdiyeva bildirib ki, 2018/2019-cu tədris ilində tələbələrin kollec daxilində tədris təcrübəsinə başlaması üçün bütün hazırlıqlar görülüb. Belə ki, tədris qrafikinə uyğun olaraq təcrübəyə gedən tələbələrin cədvəlləri, hər bir tələbə üçün gündəliklər, hər bir qrup üçün tədris jurnalları və hər bir qrup üçün tədris otaqları ayrılıb. Mövzu təqvim planlarının hazırlanması üçün fənn birləşmə komisiyasına məlumat verilib.

Üçüncü məsələ ilə bağlı çıxış edən kollecin Baş mühasib Elçin Ağayev 2018-ci il büdcə və büdcədənkənar vəsaitlərin daxil olması və xərclənməsi vəziyyəti: büdcə vəsaitindən təsdiq olunan smeta, dövlət büdcəsindən maliyyələşmə və xərc əməliyyatları, o cümlədən kollecin büdcədənkənar hesabına daxil olan vəsaitin təyinatı üzrə xərclənməsi, büdcədənkənar vəsaitdən alınan avadanlıqlar və inventarlar barədə ətraflı məlumat verib.

Məruzələrdən sonra çıxış edən kollecin təcrübəli müəllimlərindən Mərdan Camalov keçən illərdən fərqli olaraq kitabxananın çox dəyişməsindən, yaxşı təmir olunmuş oxu zalında imtahan guşəsi yaradılmasından, orada imtahanlara düşən fənlər üzrə dərsliklər və əlavə ədəbiyyatların təchiz edilməsindən, autoriyalarda istilik sisteminin yenidən qurulmasından, imtahan sessiyalarının demokratik,şəffav, obyektiv keçirilməsinə əlverişli mühit yaratdılmasından, tələbələrə olan humanist münasibətdən danışaraq, bütün bunlar üçün kollecin direktoru, dosent Faiq Şahbazlya xüsusi təşəkkürünü bildirdi. Cari məsələlərin müzakirəsi və hesabat məruzələri dinlənildikdən sonra Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru Faiq Şahbazlı çıxış edərək səsləndirilən fikirlərə münasibətini bildirərək, “2018/2019-ci tədris ilinin payız sessiyasının yekunları və yaz imtahan sessiyasında qarşıda duran vəzifələr” haqqında ətraflı çıxış etdi.

F. Şahbazlı çıxışında imtahan sessiyasının Azərbaycan Respublikası təhsil nazirinin imtahan sessiyasının keçirilməsi barədə əmrinə və mövcud qaydalara, normativ sənədlərə uyğun təşkil edildiyini,   şəffavlığın tam təmin olunduğunu, imtahanların uğurla həyata keçirilməsi üçün kollecdə müvafiq infrastruktur yaradıldığını, ümumilikdə imtahan prosesinin uğurla başa çatdığını, tələbələrin biliyinin obyektiv qiymətləndirildiyini vurğulayıb. Direktor tam əminliklə qeyd edib ki, imtahanlar yüksək səviyyədə, mütəşəkkil təşkil olunub, imtahan prosesi zamanı hansısa bir problemin olmasına imkan verilməyib.

F. Şahbazlı imtahanlarda qeyri-kafi qiymət alan tələbələrin kredit sisteminin tələblərinə müvafiq olaraq, növbəti tədris ilində və yaxud yay semestrində həmin fənn üzrə dərslərdə iştirak edərək akademik borclarını ləğv etmək üçün imkan əldə edəcəklərini bildirib.

Direktor sürətli dəyişikliklərin baş verdiyi hazırkı dövrdə, cəmiyyətin sosial-iqtisadi tərəqqisində, böyük inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında orta ixtisas təhsili müəssisəsinin rolunun danılmaz olduğunu, bu baxımdan keyfiyyətli və innovativ təhsilin təşkili üçün kollecdə ardıcıl olaraq mühüm addımlar atıldığını diqqətə çatdıraraq, informasiya texnologiyalarının müasir tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasının vacibliyinin zəruri olduğunu qeyd edib.

Yeni tədris ilində kollektivin qarşısında duran məqsəd və vəzifələrdən geniş söhbət açan direktor səmərəli əmək fəaliyyəti göstərmək üçün kollektivə uğurlar arzulayıb.

Sonda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.