Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) 2018-2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyası davam edir.

BİTK-də 2018/2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyasının mövcud qaydalara, normativ sənədlərə uyğun təşkili, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin olunması, daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, həmçinin imtahanlarda aşkarlığın təmin edilməsi üçün tələbələrin valideynlərinin iştirakına şərait yaradılması kollec rəhbərliyinin diqqət mərkəzindədir.
Sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda valideynlərin iştirakına şərait yaradılması məqsədi ilə yanvarın 24-də BİTK-də “Açıq qapı” təşkil olunub. BİTK-də təhsil alan tələbələrin bir qrupunun valideynləri kollecdə təşkil olunan “Açıq qapı”-da iştirak edib.
BİTK-nin direktoru, dosent Faiq Şahbazlı valideynlərlə görüşüb. Direktor qonaqlara öz təşəkkürünü bildirib, onları kollecdə görməkdən məmnun olduğunu deyib. Direktor valideynlərə imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı bəhs etdikdən sonra onları kolleclə tanış edib.
Valideynlər imtahanların təşkili və aparılması ilə tanış olublar; imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini izləyiblər, həmçinin imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq, yazı işlərinin yoxlanılmasını, Münaqişə Komissiyasının fəaliyyətini müşahidə ediblər. 
Ağayeva Rəsmiyyə, İsgəndərov Yaşar, Əjdərova Sahilə, İsmayılov Mehman, Quliyeva Xatirə və digər valideynlər imtahanlarda iştirak etmələrinə şərait yaradıldığına görə BİTK-nin rəhbərliyinə təşəkkür ediblər. Onlar kollecdə imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək qiymətləndirib, şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.
Bu günədək Münaqişə Komissiyasına 80 tələbə müraciət edib. Bu müraciətlərin 74-ı yazılı qaydada verilən imtahanlardan,6-u isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı imtahanlarla bağlı 74 müraciətin 6-u tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı 6 müraciətdən 1-i tələbələrin xeyrinə həll edilib, beş nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib.
BİTK-nin direktoru, dosent Faiq Şahbazlı hər gün imtahan zallarında imtahan prosesini müşahidə edir, tapşırıq və tövsiyələrini verir. İmtahanların şəffaf və obyektiv keçirilməsi direktorun diqqət mərkəzindədir.
İmtahanlar yanvar ayının sonuna qədər davam edəcək.