Baki İdarəetmə və Texnologiya Kollecində Dövlət Bayrağı günü qeyd edildi.

Noyabrın 8-də Bakı İdarəetmə və Texnologiya Kollecində Azərbaycanın Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət himninin sədaları ilə başladı. 
Tədbiri giriş sözü ilə Bakı İdarəetmə və Texnologiya Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Faiq Şahbazlı açdı. O, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi və Dövlət Bayrağı günü haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalamışdır.Məhz bu sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Dövlətinin suverenliyinin rəmzidir. Bayraq bizim milli dəyərimizdir. Dövlət bayrağı hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi, müstəqil dövlətimizin isə şərəfidir, gənc nəslin vətənpərvərlik ruhda formalaşmasında böyük rola malikdir. 
Tədbirdə “Azərbaycanın tarixi bayraqları” adlı slayd nümayiş olundu. 
Bakı İdarəetmə və Texnologiya kollecinin müəllimi, pedaqoqika üzrə fəlsəfə doktoru Nərminə Məmmədova “Azərbaycan Milli bayrağının yaranması tarixi” mövzusunda məruzə etdi. N.Məmmədova Azərbaycan Respublikasının DÖVLƏT BAYRAĞI - üçrəngli zolaq üzərində ağ rəngli аурага və səkkizguşə ulduz təsviri olan milli bayrağımızın mahiyyəti, məzmunu, funksiyaları və tarixi haqqında ətraflı məlumat verdi. O qeyd etdi ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edildi və həmin o vaxtdan təşkilatın Nyu-Yorkdakı iqamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada AZƏRBAYCAN BAYRAĞI da dalğalanmaqdadır.
1999-cu il mayın 12-dən Azərbaycan Respublikasının Dövlət bayrağı dünyanın ən uca zirvəsində - Everestə (hündürlüyü 8848 metr) sancılmışdır. 
“Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir.

Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı təntənəli şəkildə, ayaq ustə,alqışlar sədası altında zala daxil edildi.

Daha sonra tələbələr bayraq haqqında şeirlər söylədi və mahnılar ifa etdilər.