“İnformasiya komunikasiya texnologiyalarının görməyə təsiri” mövzusunda mühazirəsi keçirildi.

Oktyabrın 11-ində Bakı İdarəetmə və Texnologiya Kollecində Azərbaycan Respublikasının Bilik Fondunun təşkilatçılığı ilə Avrasiya Hospitalının cərrah-oftalmoloqu Əsmər Cümşüdovanın “İnformasiya komunikasiya texnologiyalarının görməyə təsiri” mövzusunda mühazirəsi oldu.
Tədbiri açan və qonaqları salamlayan direktor Faiq Şahbazlı belə mövzularda aparılan söhbətlərin sağlam Azərbaycan övladlarının yetişməsində müsbət rolundan danışdı və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.
Mühazirəçi qeyd etdi ki, Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb. 2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17 636 nəfər, 2015-ci ildə 24 530 nəfər, 2016-cı ildə 26 129 nəfər olub.
Əsmər Cümşüdova bildirdi ki, son dövrlər dünyada gedən qlobalizasiya prosesi təəssüf ki, ziyan da gətirir. Cib telefonları, kompüterlər, hətta televiziyaya yaxından baxmaq birbaşa olaraq gözə ziyandır, insan orqanizmini ciddi sınaqlar qarşısında qoyur. İnformasiya komunikasiya texnologiyaları elektromaqnit dalğaları yayır. Bundan da sinir sistemi zərər çəkir, yəni texnika ilə insan bədəninin sinir sistemi arasında toqquşma baş verir və bu da tədricən gözümüzə ziyan vurur. Bu mənada da göz xəstəliklərindən ziyan çəkənlər arasında uşaqların sayı təəssüf ki, artır. Çünki kənardan gələn zərərli maddələr uşağın göz hüceyrələrinin inkşafına mane olur, onu zədələyir.
Mühazirənin sonu maraqlı məcraya yönəldi. Həkim- oftalmoloq ilə auditoriyanın sual- cavabı məsələnin düzgün qoyuluşundan, mühazirəçinin biliyinin genişliyindən və Bilik Fondunun düzgün seçimidən, tələbə və müəllimlərin marağından xəbər verirdi.
Tədbir həkim-oftalmoloq ilə tələbələlərin sual- cavabı ilə yekunlaşdı.