YARAT Müasir İncəsənət Məkanında sərgi keçirilir.

Oktyabrın 2-də Bakı İdarəetmə və Texnologiya kollecinin bir qrup tələbə və müəllimi YARAT Müasir İncəsənət Məkanında “Əmək, İstirahət və Xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisində olublar. Sərgi Dövlət Bayrağı Meydanında XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində sərgilənir.
YARAT Müasir İncəsənət Məkanı Bakı şəhərində yerləşən, müasir incəsənət üzrə ixtisaslaşmış, qeyri-kommersiya və qeyri-hökumət təşkilatı kimi ilk dəfə olaraq XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində, Azərbaycanın aparıcı rəssamlarının - Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunusun əsərlərini təqdim edir.
Bu sərgidə Azərbaycanın sovet dövrünün təsviri incəsənətinin ən vacib mərhələsini müəyyən etmiş Azərbaycanın korifey rəssamlarının əsərləri nümayiş olunur.
Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.