Şən və Hazırcavablar Klubu üzrə “Yaz Kuboku” keçirilib

31 may 2018-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Şən və Hazırcavablar Klubu üzrə “Yaz Kuboku” keçirilib.

Turnirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məsul əməkdaşı Samir Kazımov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət münsiflər heyəti Bənövşə Məmmədova, Gülşən Yaqubova, Patimat Yagizarova, Mikayıl Məmmədov, Ağamir Ağamirov, rayonda fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və fəal üzvləri iştirak ediblər.

Turnirin açılış mərasimində Nərimanov RGİİ0nin rəisi, YAP Nərimanov Rayon Təşkilatının sədr müavini N.Novruzov və şəhid M.Mirzəyevin atası S.Mirzəyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, AXC-nin yaranmasının 100 illiyi münasibətilə təbrik edib, komandalara uğurlar arzulayıblar.

Sonra turnirə start verilib. Turnirdə Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Humanitar Kollecinin komandaları mübarizə aparıblar. Gərgin mübarizə nəticəsində I yeri Bakı İdarəetmə və Texnologiya Kollecinin, II yeri Azərbaycan Kooperasiya Universitetinin, III yeri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları tutublar. Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kuboklar ilə təltif olunublar.