Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Pedaqoji Şuranın növbəti iclası keçirilib.

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Pedaqoji Şuranın növbəti iclası keçirilib.

İclas açıq elan olunduqdan sonra Fənn birləşmə sədrləri Rafiq Salahov və Nazirə Bağırova fənn komissiyalarında görülən işlərin vəziyyətinə dair hesabat veriblər.

Tədris hissə müdiri Təranə Məmmədova “2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlıq” barədə geniş məlumat verib. Bildirilib ki, yaz imtahan sessiyası iyun ayının 1-dən iyul ayının 5-ə qədər davam edəcək. Bu prosesə hazırlıq üçün təhsil nazirinin müvafiq əmri ilə imtahan və münaqişə komissiyaları yaradılıb. İmtahan sessiyasında əyani, qiyabi və buraxılış qruplar imtahan verəcəklər. T.Məmmədova deyib ki, imtahan sessiyasına hazırlıq məqsədilə suallar hazırlanıb, tələbələrə təqdim edilib, müəllimlər tərəfindən biletlər hazırlanıb və fənn birləşmələrinin iclaslarında müzakirəyə çıxarılaraq təsdiqlənib. Ən sonda biletlər tədris hissəsi tərəfindən yoxlanılıb, təsdiq olunub, zərflərə yığılaraq möhürlənib və imtahan qərargahına təqdim edilib. Bununla yanaşı, imtahan cədvəlləri də vaxtında tərtib olunub. Tədris hissə müdirinin sözlərinə görə, əyani və qiyabi şöbədə ümumilikdə 61 qrup olmaqla 1003 tələbə imtahana buraxılacaq. T.Məmmədova onu da əlavə edib ki, imtahan sessiyası müddətində hər hansı neqativ halla rastlaşan, yaxud imtahan nəticələrindən narazı qalan tələbə sərbəst şəkildə münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Münaqişə komissiyasına belə müraciətlər daxil olduğu təqdirdə ətraflı araşdırma aparılacaq və obyektiv qərar qəbul ediləcək.

İclasda Metodiki kabinetin müdiri Xəlil Bağırov “2017/2018-ci tədris ilində Metodiki kabinetin gördüyü işlər”, Tədris-istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov “Təcrübələrin yekunları haqqında”, Tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev “Yekun Dövlət Attestasiya imtahanlarına hazırlığın vəziyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.

Hesabat məruzələri dinlənildikdən sonra kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı səsləndirilən fikirlərə münasibətini bildirib. O imtahan sessiyasının obyektiv, şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini vıb, müəllimlərə tapşırıq və tövsiyələrini çatdırıb.

İclasın sonunda İnformasiya Texnologiyaları şöbəsinin müdiri Kəmalə Əliyeva ad günü münasibətilə kollec adından təbrik edilib. Bununla yanaşı, kollecin tədbirlərində fəallıq nümayiş etdirən bir qrup tələbəyə diplomlar və pul mükafatları təqdim olunub.