Azərbaycanın şəksiz lideri, siyasət aləminin patriarxı

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş yekun tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin menecment şöbəsinin müdiri Məhbubə Qurbanova tədbiri giriş sözü ilə açaraq, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən söhbət açıb. Bildirib ki, çox yerdə Azərbaycan məhz ulu öndər Heydər Əliyevə görə tanınıb. Onun sözlərinə görə, dünyanın görkəmli insanları, məşhur siyasətçiləri və dövlət xadimləri Heydər Əliyevi Azərbaycanın şəksiz lideri, siyasət aləminin patriarxı adlandırıblar. Natiq bildirib ki, Azərbaycan xalqının taleyində yol göstərən, xilaskar, qurucu, islahatçı rolu oynayan ulu öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

Giriş sözündən sonra kollecin mərhum direktoru Varis Allahverdiyevin ötən ilin may ayında – ümummilli liderin anadan olmasının 94 ili münasibətilə təşkil edilmiş tədbirdə Heydər Əliyev şəxsiyyəti barədə söylədiyi fikirləri əks etdirən video görüntü nümayiş etdirilib.

Ardınca ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxış olub.

Daha sonra kollecin tələbələri Ümid Abuşov və Aynur Ağayevanın aparıcılığı ilə bədii hissəyə başlanıb. Tələbələr Vüqar Bəşirzadə, Elnur Sadıqov, Yunis Quluzadə, Türkanə Qasımova, Ruhəngiz Kərimova, İsmayıl İsmayılzadə, Dürdanə Məmmədova, Aydan Gənciyeva, Fərid Zəkəryəyev, Kamilə Kərimli, Məryəm Əliyeva və Türkan Gülüşovanın ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər bədii qiraət olunub, mahnılar oxunub, həmçinin milli rəqslər nümayiş etdirilib.

Tədbirdə qonaq qismində iştirak edən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas sonda söz alaraq təşkilatçılara minnətdarlığını bildirib, gənc nəslin timsalında ulu öndər Heydər Əliyev ideyalarının daim yaşayacağını diqqətə çatdırıb.