Hər bir azərbaycanlının qəlbində yaşayan lider

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) İnformasiya texnologiyaları və Sistemlər şöbələrinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş daha bir tədbir keçirilib. 
Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şöbə müdirləri Kəmalə Əliyeva və Səadət Şahbazova çıxış edərək, dünya şöhrətli siyasətçi, görkəmli siyasi xadim Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd olunub ki, müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyev sağlığında həyata keçirdiyi islahatlarla, gördüyü işlərlə hər bir azərbaycanlının qəlbində öz abidəsini ucaldıb. Ona görə də Azərbaycan və azərbaycanlılar var olduqca ulu öndər Heydər Əliyev də daim yaşayacaqdır. Natiqlər ümummilli lider Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.

Kollecin I kurs tələbəsi Türkanə Qasımova əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxış olub.