Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) İqtisadiyyat şöbəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün, dövlətçiliyinin qorunması yolunda şəhid olanların, həmçinin kollecin mərhum direktoru Varis Allahverdiyevin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə İqtisadiyyat şöbəsinin müdiri Təzəgül Abdullayeva açaraq, görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, dövlətçilik qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir.

Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəminə Həmzəyeva Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərindən danışıb. Qeyd olunub ki, dövlət dili sahəsindəki fəaliyyətə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gəldiyi ilk günlərdən başlayıb. Ümummilli lider Heydər Əliyev hələ sovetlər birliyi dövründə keçirilən tədbirlərdə, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanıb. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu, ümummilli lider Heydər Əliyevin öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. Nəticədə Azərbaycan Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul olunub və Azərbaycan dili dövlət dili statusu alıb.

Z.Həmzəyeva vurğulayıb ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə gətirildikdən sonra da Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verib, ana dilimizin - Azərbaycan dilinin adını özümüzə qaytarıb. Onun rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul olunan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Ulu öndər Heydər Əliyev 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilib və həmin problemlərin həlli yolları göstərilib. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynayıb. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılıb. Dünyanın heç bir dövlətində analoqu olmayan belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsinə daha səmərəli şəkildə nəzarət etmək və bu prosesi ümummilli maraqlar kontekstində tənzimləmək məqsədi daşıyıb.

Kollecin II kurs tələbəsi Firəngiz Zəkiyeva Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açıb.

 

Tədbir ümummilli lider Heydər Əliyevə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.