“Azərbaycanlıların soyqırımı: tariximizin ibrət dərsləri”

İki əsrdir Azərbaycan xalqı erməni vəhşiliyindən, terrorundan, etnik təmizləmə və soyqırımı siyasətindən əziyyət çəkir. Bunlardan ən dəhşətlisi ötən əsrin əvvəllərində baş vermiş mart soyqırımıdır. Məhz həmin tarixdə - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla azərbaycanlılara qarşı kütləvi qırğınlar törədiblər. O qanlı günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu hadisə ilə bağlı ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bununla da həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Prezident ilham Əliyev isə 18 yanvar 2018-ci il tarixdə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə müvafiq qurumlar qarşısında tapşırıqlar qoyulub. Bu tapşırıqlardan biri də 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsidir.

Qeyd olunan tapşırıqlardan irəli gələrək, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə müxtəlif elm-təhsil müəssisələrində, idarə və təşkilatlarda silsilə maarifləndirici tədbirlər davam etdirilir. Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) keçirilən növbəti tədbirdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafayevin “Azərbaycanlıların soyqırımı: tariximizin ibrət dərsləri” mövzusunda mühazirəsi dinlənilib.

Əvvəlcə tədbiri giriş sözü ilə BİTKol-un tədris istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov açaraq bildirib ki, tarixən xalqımızın başına gətirilən bütün bəlalarının əsas səbəbi maariflənmə işinin zəif aparılması olub. O, tarixdən nəticə çıxarmağın vacibliyini vurğulayaraq, bu səpgili tədbirlərə böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Sonra tarix üzrə fəlsəfə doktoru N.Mustafayev çıxış edərək bildirib ki, ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz siyasəti nəticəsində 1918-ci ildə Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və başqa ərazilərdə on minlərlə dinc sakin qətlə yetirilib, şəhərlər, kəndlər viran edilib, azərbaycanlılar ata-baba yurdlarından didərgin salınıblar. Qeyd olunub ki, o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Alim vurğulayıb ki, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə siyasi qiymət verilib.

Tarixçi-alim N.Mustafayev gəncləri tarixi faktları unutmamağa çağırıb və onlara Vətənə sevgi, dövlətə qayğı hissi ilə yaşamağı, tarixdən ibrət dərsi götürərək, ölkənin maddi və mənəvi sərvətlərini göz bəbəyi kimi qorumağı tövsiyə edib.

Sonda tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.