“Əhməd Cavad - istiqlalımızın tərənnümçüsü”

Aprelin 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Bakı İdarəetmə və Texnologiya Kollecində dövlət himnimizin müəllifi Əhməd Cavada həsr olunmuş “Əhməd Cavad - istiqlalımızın tərənnümçüsü” mövzusunda maarifləndirici ədəbi-bədii tədbir keçirilib.

Kollecin tələbə və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirdə tanınmış jurnalist, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı 45 yaşında Stalin repressiyasının qurbanı olmuş şair Əhməd Cavadın ömür yolundan, yaradıcılığından danışıb. O, müəllifi olduğu “Əhməd Cavad”, “Cümhuriyyət şairi”, “Əhməd Cavadın yaradıcılıq yolu” kitablarını kollecin kitabxanasına hədiyyə edib.

Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Şərqdə ilk Demokratik Cümhuriyyətin 28 may 1918-ci ildə Azərbaycanda qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, 100 il əvvəl baş vermiş bu əlamətdar hadisəni qeyd etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 may 2017-ci il tarixdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb. Sərəncamda milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə müvafiq qurumlar qarşısında qoyulan vəzifələr öz əksini tapıb. Cari il yanvar ayının 10-da isə dövlət başçısının imzaladığı daha bir sərəncamla 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Bu sərəncamda da qeyd olunub ki, cəmi iki ilə yaxın (28 may 1918 - 28 aprel 1920) yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə Respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Sektor müdiri sərəncamdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq, Fond tərəfindən keçirilən tədbirlər barədə də söhbət açıb. Bildirib ki, belə mühazirələr gənclərin vətənpərvərlik, estetik tərbiyəsində böyük əhəmiyyətə malikdir.

Tədbirdə Ə.Cavadın şeirləri, sözlərinə yazılmış mahnılar səslənib, tələbələrin sualları cavablandırılıb.