YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib

11 prel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Tədbiri YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. T.Tağıyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, ilk dəfə səs verəcək gəncləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini deyərək qeyd edib ki, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqına həsr edib. Onun sözlərinə görə, seçkilərdə cənab İlham Əliyevin ciddi təbliğata ehtiyacı yoxdur, çünki son on beş il ərzində böyük işlər görülüb. Ona görə də inkişaf, sabitlik üçün hər bir kəs Prezident İlham Əliyevə səs verməlidir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir. Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan gənci 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri Yusif Babanlı, Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) şöbə müdiri Məhbubə Qurbanova və fəal gənclər Aydan Gənciyeva, Sara Abbasquliyeva da çıxış ediblər. Gənclər seçki prosesində fəal iştirak edəcəklərini və YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevi dəstəklədiklərini vurğulayıblar.