Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi

 

20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Həmin gün sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş SSRİ-nın qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib. Rəsmi məlumatlara görə, həmin vaxt fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıblar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, 1990-cı ilin yanvar ayında qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında ümumilikdə 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Bununla SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulub, Azərbaycanın suveren hüquqları tapdanıb. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb.

Təhsil Nazirliyinin Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) keçirilən anım mərasimində bu barədə geniş söhbət açılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra kollecin direktoru Varis Allahverdiyev çıxış edib. O, 20 Yanvar faciəsinin Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Həmin müdhiş gecədə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazaraq, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar.

Direktor V.Allahverdiyev deyib ki, o müdhiş günlərdə ümummilli lider Heydər Əliyev Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verib. Ulu öndər Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib. Ümummilli lider H.Əliyev təcavüzə kəskin etirazını bildirib, faciəni törədənləri, şəxsən SSRİ rəhbəri M.S.Qorbaçovu kəskin ittiham edib, qoşunların Bakıdan çıxarılmasının zəruriliyini vurğulayıb. Direktor qeyd edib ki, xalqımızın ümummilli lideri H.Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinə qayıdışdan sonra ulu öndər H.Əliyev 5 yanvar 1994-cü il tarixdə “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilib. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.

Kollec direktorunun çıxışından sonra tələbələr Toğrul Cəlilzadə və Aygün Vəliyevanın aparıcılığı ilə tədbirin bədii hissəsinə başlanılıb. Tələbələrdən Hüseyn Həsənov Qabilin “20 Yanvar”, Ləman Məmmədova Mədinə Gülgünün “Şəhid balalara”, Gülnarə İsgəndərzadə Günel Anarqızının “Ataya məktub” şeirlərini bədii qiraət ediblər. Nurlan Muxtarov “Şəhid arzuları”, Ayan Qədirli “İgid əsgər”, Lalə Hüseynova “Ey Vətən oğlu”, Tacir Abdullayev “Ana əsgər gedirəm”, Təbriz Mustafayev “Torpağın səsi”, Zenfira Mirzəyeva “Cənab leytenant”, Nərmin Əliyeva “Türkün bayrağı” mahnılarını ifa ediblər.