Ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) anım mərasimi keçirilib. Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardınca ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollec tələbələrinin aparıcılıq etdiyi mərasimdə ümummilli liderin həyat və yaradıcılığından söhbət açılıb, onun gördüyü böyük işlər sadalanıb, dahi şəxsiyyətə həsr olunan şeirlər, bayatılar bədii qiraət olunub.


Kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov mərasimdə çıxış edərək bildirib ki, Azərbaycanın otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Onun sözlərinə görə, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Direktor müavini qeyd edib ki, Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

 

Kollecin istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov tarixə ekskurs edərək bildirib ki, bir çox həlledici anlarda tarix şəxsiyyətlər üzərində qurulur. Onun fikrincə, tarixən hər bir xalqı xilas edən, onun çətin, gərgin anlarında böyük məsuliyyəti öz çiyinlərində daşıyan lideri olub. Direktor müavini deyib ki, Azərbaycan xalqının tarixində də belə şəxsiyyətlər olub və onlar daim qürur mənbəyimizdir: “XX əsrdə Azərbaycan xalqının yetirdiyi belə şəxsiyyət ümummilli lider Heydər Əliyevdir. İstər SSRİ dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonrakı illərdə ulu öndər Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərib. O, hələ sağlığında ölkəmizin dünəni, bu günü və gələcəyi naminə elə işlərə imza atıb ki, bu gün Azərbaycan deyəndə Heydər Əliyev, ümummilli lider Heydər Əliyev deyəndə Azərbaycan yada düşür. Sevindirici haldır ki, onun siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasi kurs Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini daha da möhkəmləndirir, ölkəmizin inkişaf edərək bölgədə və dünyada nüfuzunun artmasına səbəb olur. Beləliklə də nə qədər ki, müstəqil Azərbaycan var, yaşayır və inkişaf edir, ümummilli lider Heydər Əliyev də daim yaşayacaq, onun adı Azərbaycanla qoşa səslənəcəkdir”.

 

Çıxışlardan sonra mərasimdə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən bəhs edən video-çarx nümayiş etdirilib.

 

http://publika.az/news/nida_xeber/224058.html


http://kaspi.az/az/kollecde-ulu-nder-heyder-eliyevin-anim-merasimi-kecirilib-fotolar/