Fənn kurikulumunun tətbiqi təlimi keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTK) fənn kurikulumunun tətbiqi təlimi keçirilib. Təlimdə metodist Günay Abdullayeva fənn kurikulumunun məzmunu, anlayışı, təhsil sistemində bu islahatı zəruri edən səbəblər, informasiya kommunikasiya texnologiyalarının təhsilin inkişafında, tədrisin keyfiyyətində oynadığı rol barədə dinləyicilərə ətraflı məlumat verib. O, kurikulumun latın sözü olub, mənasının “kurs”, “yol” demək olduğunu diqqətə çatdırıb. Xarici pedaqoji ədəbiyyatlara istinad edən metodist bildirib ki, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunub. 1918-ci ildə ilk kurikulumların yarandığını dilə gətirən G.Abdullayeva deyib ki, ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənib, bir nəzəriyyə kimi formalaşıb. Onun sözlərinə görə, kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılıb, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapıb. Metodist bildirib ki, Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlanıb. Beləki, ilk vaxtlar “təhsil planı” kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənib, ardınca hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılıb.

G.Abdullayeva kurikulumun mahiyyəti haqqında yanaşmaların müxtəlif olduğunu da dilə gətirib. Bildirib ki, hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşıb, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə alıb. Metodistin fikrincə, Azərbaycan pedaqoji fikrində kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd kimi qəbul edilib. G.Abdullayeva qeyd edib ki, kurikulum müasir dərs modelinin əsas çərçivələri üzrə fənlər kursunun hər bir bölməsinin məqsədini, məzmununu, tədris-təlim fəaliyyətini, nailiyyətlərini, onların qiymətləndirilməsini əks etdirir. Kurikulum islahatını zəruri edən səbəblərdən danışan təlimçi Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyasının - Milli Kurikulumun reallaşdırdığı funksiyaları da diqqətə çatdırıb.

Üç gün davam edən təlimdə müəllimlərə müxtəlif mövzular barədə ətraflı məlumat verilib, həmçinin onları maraqlandıran suallar təlimçi G.Abdullayeva tərəfindən cavablandırılıb.

https://strategiya.az/index.php?do=xeber&id=105600

http://www.aznews.az/news/cemiyyet/158070.html

http://www.azadinform.az/news/a-159222.html