“Məqsədimiz kəmiyyəti keyfiyyət göstəriciləri ilə əvəz etməkdir”

Nofəl Nəbiyev: “Müəllimlərin sosial şəraitinin yaxşılaşdırılmasına ünvanlanmış iş hal-hazırda yeni mərhələyə qədəm qoyur

 

“Təhsil millətin gələciyidir”, - söyləyən ümummilli lider Heydər Əliyev Azərbaycanda istər sovetlər birliyi dövründə, istərsə də müstəqillik əldə etdikdən sonra daim təhsil sahəsini diqqət mərkəzində saxlayıb, sabahın kamil vətəndaşlarının yetişdirilməsi üçün mümkün olan bütün tədbirləri həyata keçirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısının “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hərtərəfli fəaliyyətindən irəli gələn tapşırıqlar Təhsil Nazirliyi və nazirliyə tabe olan təhsil müəssisəsi kimi Bakı İdarəetmə və Texnologiya Kolleci (BİTKol) tərəfindən də yerinə yetirilir. Sözügedən təhsil müəssisəsində təlim-tədrisin vəziyyəti, aparılan islahatlar, əldə edilən nailiyyətlər, həllini gözləyən problemlər və digər məsələlərlə bağlı suallarımızı kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev cavablandırır.

- Nofəl müəllim, yaz imtahan sessiyası xeyli müddətdir başa çatıb. Nəticələr necə olub, hansısa çatışmazlıqlar özünü göstəribmi?
- Son illər ölkəmizdə keçirilən islahatların əsas məqsədi cəmiyyətin ehtiyacı və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsindən ibarətdir. Azərbaycan Respublikası Təhsil Nazirinin 849 nömrəli 26.12.2016-cı il tarixli “İmtahan sessiyasının təşkili və keçirilməsi barəsində” əmrinə əsasən Bakı İdarəetmə və Texnologiya Kollecində 2016/2017-ci tədris ilinin payız və yaz semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun keçirilməsi, şəffaflığın qorunması və yarana biləcək neqativ halların operativ surətdə aradan qaldırılması üçün direktorun əmri ilə imtahan və münaqişə komissiyaları yaradılıb. Yaz imtahan sessiyasının nəticələri kimi müvəffəqiyyət göstəricisi 50%, keyfiyyət göstəricisi 9% təşkil edib. Göründüyü kimi imtahan sessiyasının nəticələri aşağı olub. Buna səbəb arxada qoyduğumuz tədris illərində kollecdə tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsində müəllimlər tərəfindən tədris olunan fənlərin tələbələr tərəfindən lazımi səviyyədə mənimsənilməsi üçün ciddi işlərin aparılmamasıdır. Hər hansı tələbənin imtahanda zəif nəticə göstərməsini arzulamasaq da hər bir orta ixtisas və ya ali təhsil müəssisəsində belə hallar müşahidə oluna bilər.

- Əgər Sizin kollecdə də belə tələbələr olursa, onlarla hansı səviyyədə iş aparılır?
- İmtahanlarda zəif nəticə göstərən tələbələrlə bağlı tədris ili ərzində müəllimlərlə birlikdə onların hazırlıq səviyyəsi təhlil olunur. Kredit qaydalarına uyğun olaraq fənnə ayrılmış auditoriyadan kənar saatlar hesabına, zəif nəticə göstərən tələbələr üçün kollecimizdə tam ödənişsiz olaraq dərnəklər təşkil olunub. Yəni, hər bir tələbə heç bir ödəniş etmədən bu dərnəklərdə iştirak edə, hansısa imtahanda göstərdiyi zəif nəticəni aradan qaldırmaq üçün müəllimlərin köməyindən yararlana bilər.

- Tələbələrin dərsə davamiyyəti, imtahana hazırlığın səviyyəsini daha da artırmaqla bağlı növbəti tədris ili üçün planlarınız nədən ibarətdir?
- 2016/2017-ci tədris ilində kollec üzrə tələbələrin dərsə davamiyyəti 92% təşkil edib. Məqsədimiz kəmiyyət göstəricilərini keyfiyyət göstəriciləri ilə əvəz etməkdir. Növbəti tədris ilində tələbələrin bilik səviyyəsinin daha da artırılması üçün öncə mövcud tədris planlarında dövrün tələblərinə uyğun olaraq dəyişikliklər etməyi planlaşdırırıq. Fənn birləşmə komissiyalarını yenidən formalaşdıraraq tədrisin keyfiyyətinə təsir edə biləcək struktur hazırlayırıq. Bir sözlə növbəti tədris ilini çox ciddi şəkildə keçən tədris ilindən fərqləndirmək üçün həm pedaqoji kollektivlə, həm də tədris-köməkçi heyətlə görüləcək işlərimiz çoxdur. Biz tələbələri imtahana, yaxud həyata hazırlamaq üzərində çox düşünürük. Mövcud tədris proqramları çərçivəsində imtahanların müvəffəq qiymətlərlə başa çatması vacibdir. Yəqin ki, uğur əldə etməkdən ötrü bütün tələbələrin ruhi-psixoloji vəziyyəti, mənəvi keyfiyyətləri üzərində işləməliyik. Hesab edirik ki, teatr və musiqi dərnəkləri, bilik yarışmaları, tarixi yerlərimizə və Azərbaycanın səfalı guşələrinə səfərlər də bu işdə ciddi əhəmiyyətə malikdir.

- Səhv etmirəmsə, kollecdə müəllimlərin attestasiyası da keçirilib. Onların göstəriciləri necə, Sizi qane edirmi?
- 27 may 2017-ci il tarixində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə kollec daxili attestasiya keçirilib. İştirak edənlərin 10%-i 0-10 bal, 43%-i isə 20 baldan aşağı bal toplayıb. Göründüyü kimi nəticələr heç də ürək açan deyil. Nəticələr göstərir ki, kollecdə müəllimlərin peşəkarlıq səviyyəsi arzu olunan səviyyədə deyil. Hesab edirik ki, daxili qiymətləndirmə müəllimlərin tədris prosesinə marağını artıracaq, onları inkişaf etməyə vadar edəcək. Bunun üçün kollec rəhbərliyi qarşıdan gələn tədris ilində hər bir müəllimin öz bilik səviyyəsinə görə kollecin büdcədənkənar vəsaiti hesabına əmək haqqına əlavə olunmasını planlaşdırıb. Ümumilikdə müəllim heyətinin bilik səviyyəsinin aşağı olması bizi məcbur edir ki, onların müvafiq hazırlığı ilə məşğul olaq. Bu il 9 illik bazadan qəbul olacaq tələbələrin yeni kurikulum sistemi ilə təhsil aldıqlarını nəzərə alsaq, müəllimlərimizin də bu sahədə müəyyən təlimlər keçməsinə ehtiyac yaranır.

- Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətlərində sosial siyasət, sosial məsələlər prioritet təşkil edir. Bakı İdarəetmə və Texnologiya Kollecinin rəhbərliyi bu siyasətə dəstək olmaq üçün hansı tədbirlər görür?
- Qeyd etmək istəyirəm ki, kollecdə başa vurduğumuz tədris ilinin imtahan sessiyalarında bütün neqativ hallara son qoyulub, tam şəffaflıq təmin edilib. Kollecin ödənişli təhsil alan tələbələr hesabına büdcədənkənar hesaba daxil olacaq vəsaitlər vaxtında ödənilib. Ötən illərdən təhsil alan tələbələrin təhsil haqları da rəhbərliyin səyi nəticəsində 2016/2017-ci tədris ili ərzində kollecin hesabına köçürülüb. Beləliklə büdcədənkənar vəsait hesabına 275.000 manat vəsait müəllimlərin əmək haqqına əlavə və yaxud mükafat formasında köçürülüb. Rəhbərlik tərəfindən artıq növbəti tədris ilində attestasiyadan yüksək bal toplayan müəllimlərin büdcədənkənar vəsait hesabına əmək haqlarının 450-500 manat səviyyəsinə çatdırılması planlaşdırılır. Müəllimlərin sosial şəraitinin yaxşılaşdırılmasına ünvanlanmış iş hal-hazırda yeni mərhələyə qədəm qoyur. Daxili attestasiyanın nəticələrinə əsasən müxtəlif ballar toplamış pedaqoji heyətin əmək haqlarına əlavəsi differensiallaşdırılmış formada həyata keçirilir. Misal üçün deyək ki, 200 manat rəsmi əmək haqqına differensiallaşdırılmış cədvəl üzrə 90% büdcədənkənar vəsaitdən əlavə təyin ediləndə, əmələ gələn 380 manat eyni məbləğdə mükafat fondundan stimullaşdırılanda hələlik ən yüksək müəllim məvacibi əldə etmək olur.

- İlk dəfə Bakı İdarəetmə və Texnologiya Kollecində yay məktəbinin fəaliyyətə başlayacağı barədə məlumatlar da yayılmaqdadır. Bu nə dərəcədə doğru xəbərdir və yay məktəbinin fəaliyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 354 №-li “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun olaraq, kollecdə 13 iyul 2017-ci il tarixində yay məktəbi 47 fənn üzrə qruplar formalaşdırılaraq könüllülük prinsipi əsasında təşkil edilib. Yay semestrinin məqsədi tələbələrin akademik borclarının ləğv edilməsi və müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsidir. Müvafiq qanunvericiliyə uyğun olaraq hal-hazırda kollecdə digər orta ixtisas müəssisələrindən gələn tələbələr də akademik borclarını ləğv etmək üçün təşkil etdiyimiz yaz semestrində iştirak edirlər. Nəticə etibarilə yay semestrinin təşkilindən kollecin büdcədənkənar vəsait hesabına 34.000 manat köçürülüb.

- Ötən ay kolleclə “Bitkol+OM” MMC arasında birgə fəaliyyət haqqında müqavilə imzalanıb. Bu birgə fəaliyyət nəyə hesablanıb, ötən müddət ərzində hansı işlər görülüb, gələcək planlar nədən ibarətdir?
- Birgə fəaliyyətin yaradılmasında məqsəd kollecin qanunvericilik çərçivəsində ödənişli əsaslarla istehsalatla əlaqələr yaratmaq, pedaqoji heyətin rifah halının yaxşılaşdırılması, tələbələrin təcrübi biliklərinin artırılması və son nəticədə ixtisaslı mütəxəssis kimi əmək bazarına çıxmasına kömək etməkdən ibarətdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Gələcəklə, nəticələrlə bağlı gözləntilərimiz böyükdür.

- Son olaraq Auditorlar Palatasının Kollecdə yoxlama aparmasına toxunmaq istərdim. Bu yoxlamanın nəticələri, aşkart olunan çatışmazlıqlar nədən ibarətdir?
- Auditorlar Palatasının yoxlaması nəticəsində kollecin inzibati sektorunda çox ciddi çatışmazlıqlar və pozuntular aşkar olunub. Bu səbəbdən də Respublika Baş Prokurorluğuna müraciət etmişik. Hal-hazırda Baş Prokurorluğun Korrupsiya İdarəsi kompleks yoxlamaya başlayıb. Ümüd edirik ki, yoxlama zamanı vaxtilə pozuntular nəticəsində yaranmış çatışmazlıqlar kollecə qaytarılacaq.

 

http://publika.az/news/bilik/208770.html


http://muallim.edu.az/content/?category=arxiv&issue=30-2017&content_id=12

http://modern.az/az/news/140034#gsc.tab=0

http://sia.az/az/news/education/630233.html

http://yenicag.az/meqsedimiz-kemiyyeti-keyfiyyet-gostericileri-ile-evez-etmekdir-nofel-nebiyev-yenicag/

http://www.aznews.az/news/cemiyyet/148534.html

http://www.moderator.az/news/187056.html

http://veteninfo.com/az/meqsedimiz-kemiyyeti-keyfiyyet-gstericileri-ile-evez-etmekdir/#.WdclJmi0PIV

http://www.azadinform.az/news/a-149010.html

http://www.sherg.az/site/id-34962/“Məqsədimiz_kəmiyyəti_keyfiyyət_göstəriciləri_ilə_əvəz_etməkdir”#.WYSGait1tBcbuyur

http://kaspi.az/az/meqsedimiz-kemiyyeti-keyfiyyet-gstericileri-ile-evez-etmekdir/

http://525.az/site/?name=xeber&news_id=84236#gsc.tab=0