Pedaqoji Şuranın iclası keçirilib

Sentyabrın 14-də Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) Pedaqoji Şuranın növbəti genişləndirilmiş iclası keçirilib.

İclası giriş sözü ilə kollecin direktoru Varis Allahverdiyev açaraq müəllim kollektivini qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Sonra iclasın gündəliyi müəyyən edilib, 2017/2018-ci dərs ili üçün Pedaqoji Şuranın üzvləri və Şura katibi seçilib, fənn birləşmə sədrləri və metodiki şuranın tərkibi təsdiqlənib. Eyni zamanda pedaqoji şuranın 2017/2018-ci dərs ili üçün iş planı, həmçinin kollecin struktur bölmələrinin iş planları müzakirəyə çıxarılıb və təsdiq olunub.

İclasda kollecin tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev BİTKol-da 2017/2018-ci dərs ili üçün tələbə qəbulu haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan üzrə BİTKol orta ixtisas təhsil müəssisələri arasında ən çox tələbə qəbuluna icazə verilən kollecdir. O, BİTKol-a bu səviyyədə etimad göstərilməsi müqabilində kollektivin üzərinə düşən məsuliyyətin böyük olduğunu vurğulayıb. Bildirilib ki, ümumi orta təhsil bazasından, yəni 9 illik təhsil bazasından ümumilikdə qəbul üçün kollecə 425 yer verilib. Faktiki olaraq 354 nəfər qəbul olub, 71 nəfər kəsirdir. 2017/2018-ci dərs ili üçün tam orta təhsil bazasından qəbul planı ümumilikdə 213 nəfərdir. Qəbul planı 205 nəfər olmaqla yerinə yetirilib, 8 nəfər kəsirdir.

Kollecin direktoru V.Allahverdiyev iclasdakı çıxışında Təhsil naziri Mikayıl Cabbarov tərəfindən 2017/2018-ci dərs ilinin “Keyfiyyət ili” elan olunduğunu xatırladıb. Bildirib ki, “Keyfiyyət ili” birinci növbədə müəllimlərin və köməkçi heyətin uyğunsuzluğunu aradan qaldırmaqdan ibarətdir. Uyğunsuzluq aradan qalxarsa, daha keyfiyyətli tədris prosesi yarana bilər. O, bu “Keyfiyyət ili”ndə kollektivə öz işlərinə daha da məsuliyyətlə yanaşmağı tövsiyə edib.

Direktor V.Allahverdiyev yeni tədris ilində kollektivin qarşısında duran məqsəd və vəzifələrdən də geniş söhbət açıb.

 

https://azertag.az/xeber/Baki_Idareetme_ve_Texnologiya_Kollecinin_qebul_plani_yerine_yetirilib-1094209


https://kaspi.az/az/pedaqoji-suranin-iclasi-kecirilib-fotolar/


http://525.az/site/?name=xeber&news_id=86549#gsc.tab=0