Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) qəbul olunmuş tələbələrin sənəd qəbulu davam etdirilir

2017/2018-ci tədris ili üçün Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) qəbul olunmuş tələbələrin qeydiyyatı uğurla davam etdirilir.

Kollecin Qəbul Komissiyasının sədri Rimma Musayevadan aldığımız məlumata görə, 2017/2018-ci tədris ili üçün BİTKola Ümumi orta (9 illik) təhsil bazasından qəbul olunmuş tələbələrin qeydiyyatı 9 avqust 2017-ci il tarixdən başlayıb və 21 avqust tarixində başa çatıb. Kollecə qəbul olunan abituriyentlərin qeydiyyat prosesinin həyata keçirilməsi üçün 3 nəfərdən ibarət Qəbul Komissiyası yaradılıb. Qeydiyyat prosesi rahat və uğurla həyata keçirilib. Birinci mərhələdə elan olunan yerlərin 83 faizi dolub və BİTKol-a qəbul olunan 298 tələbənin hamısı qeydiyyatdan keçib. Ümumi orta təhsil bazasından BİTKol-da Azərbaycan və rus bölmələri üzrə 15 ixtisasın qəbulu aparılıb. Bunlar arxiv işi və kargüzarlıq, mühasibat uçotu, bələdiyyə təsərrüfatının təşkili, kompüter şəbəkələri (Azərbaycan və rus bölməsi üzrə), kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti (Azərbaycan və rus bölməsi üzrə), avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı (Azərbaycan və rus bölməsi üzrə), informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (Azərbaycan və rus bölməsi üzrə), informasiya texnologiyası sistemləri (Azərbaycan və rus bölməsi üzrə), poliqrafiya istehsalatının texnologiyası, tikiş məmulatlarının texnologiyası, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, dizayn, geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi, zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması ixtisaslarıdır. Ümumi orta təhsil bazasından əlavə qəbul 06 sentyabr 2017 –cil tarixdən 13 sentyabr 2017-ci il tarixədək aparılacaq.

Qəbul Komissiyasının sədri Rimma Musayeva onu da bildirib ki, 22 avqust 2017-ci il tarixdən tam orta (11 illik) təhsil bazasından qəbul olunmuş tələbələrin kollecə sənəd qəbulunun qeydiyyatına başlanılıb. Onun sözlərinə görə, tam orta (11 illik) təhsil bazasından BİTKol-a rus və Azərbaycan bölmələri üzrə 7 ixtisasın qəbulu aparılır. Bunlar mühasibat uçotu, kompüter şəbəkələri, kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti (Azərbaycan və rus bölməsi üzrə), avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı (Azərbaycan və rus bölməsi üzrə), informasiyanın işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri, informasiya texnologiyası sistemləri, turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi ixtisaslarıdır. Kollecə qəbul olunmuş abituriyentlər 31 avqust 2017-ci il tarixədək müvafiq sənədlərini kollecə təqdim etməklə qeydiyyatdan keçməlidir. Əks təqdirdə bu, onların müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir. Tam orta (11 illik) təhsil bazasından əlavə qəbul isə 8 sentyabr 2017-ci il tarixdən 13 sentyabr 2017-ci il tarixədək aparılacaq.

Kollecə qəbul olunmuş abituriyentlər və onların valideynləri də öz təəssüratlarını bizimlə bölüşüblər. Bakı şəhər sakini Yelena Cəfərova oğlu Mixailin informasiya kommunikasiya texnologiyalarına, kompüterə böyük maraq göstərdiyini, hətta zərurət yarananda kompüterdəki nasazlıqların aradan qaldırılmasını, proqram təminatını da özü etdiyini bildirdi. Valideynin sözlərinə görə, bu bacarığına görə həmyaşıdları tez-tez Mixailə müraciət edir, onun yardımından yararlanırlar. Mixail Cəfərov da bizimlə söhbətində anasının söylədiklərini təsdiqləməklə yanaşı, imtahandan ümumilikdə 73 bal topladığını, BİTKol-la maraqlandıqdan sonra gələcəkdə təhsilini davam etdirmək, yeni biliklər əldə etmək üçün məhz bu kolleci seçdiyini dilə gətirdi.

Valideyn İlham Məmmədov da oğlu Şahinlə birlikdə Qəbul Komissiyasına müvafiq sənədləri təqdim edirdilər. Şahin bizimlə söhbətində qeyd etdi ki, özünün kompüterə, bu sahəyə aid olan ixtisasa, peşəyə böyük marağı olub. Ona görə də imtahanda 90 bal toplayandan sonra BİTKol-un “Kompüter şəbəkələri” ixtisasını seçib.

Ümumiyyətlə sənəd qəbulunda iştirak edən bütün valideynlər və tələbələr qeydiyyat prosesindən razılıqlarını bildirib, səmimi, sadə və rahat şəkildə sənədlərini təqdim edib, uğurla qeydiyyatdan keçdiklərini söyləyiblər.

 

http://palitranews.az/news.php?id=73962


http://kaspi.az/az/baki-idareetme-ve-texnologiya-kollecine-bitkol-qebul-olunmus-telebelerin-sened-qebulu-davam-etdirilir/


http://www.adalet.az/w134685/_Kollecə_tələbələrin_sənəd_qəbulu_davam_etdirilir_/#.WdckfWi0PIW


http://www.azadinform.az/news/a-150918.html