İmtahanlarda valideynlərin də iştirakına şərait yaradılıb

Bakı İdarəetmə və Texnologiya Kollecində imtahan cavablarının yoxlanması üçün kamera nəzarəti olan xüsusi otaqlar ayrılıb

Azərbaycandakı orta ixtisas və ali məktəblərdə bir neçə gündür ki, imtahan sessiyalarına başlanılıb. İndi bütün təhsil müəssisələrində tələbələrin əsas qayğısı imtahanları vermək, sessiyanı uğurla başa vurmaqdır. Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) tələbələri də bu qayğını çəkməkdədirlər. Onların imtahanlara necə məsuliyyətlə yanaşdıqlarını kollecin həyətinə daxil olduğumuz ilk andan müşahidə etmək mümkün idi. Belə ki, tələbələrdən bir neçəsi həyətdəki skamyalarda əyləşib imtahanöncəsi dərs materiallarını bir daha gözdən keçirirdilər. Bir qrup tələbə də qrup yoldaşları ilə mövzuları sual-cavab edir, sanki imtahandan öncə öz-özlərinə imtahan verirdilər.

Kollecin dəhlizlərində də eyni mənzərəni müşahidə etmək mümkün idi. Burada da tələbələrdən kimisi ayaq üstə, kimisi də oturacaqlarda əyləşib imtahan materiallarını təkrarlayırdılar. Çox keçmədi ki, kollecin zəngi çalındı və tələbələr ayrı-ayrı otaqlara daxil oldular. Beləliklə də imtahan başlandı. Hər bir tələbə bilet çəkib sualları yazılı surətdə cavablandırmağa çalışır, nəzarətçilər də bu prosesi müşahidə edirdilər.

Kolleci gəzib sinif otaqlarındakı bir neçə imtahan prosesini izlədikdən sonra təhsil müəssisəsinin direktoru Varis Allahverdiyevlə görüşüb imtahanlara hazırlığın vəziyyəti ilə maraqlandıq. O, bizimlə söhbətində bildirdi ki, qış imtahan sessiyasının nəticələri qənaətbəxş olmadığı üçün yaz-yay imtahan sessiyasına hazırlıqla bağlı hələ bir neçə ay bundan öncə kollecdə bütün fənlər üzrə ödənişsiz dərnəklər təşkil olunub. Tələbələr dərs saatlarından əlavə vaxtlarda həmin dərnəklərdə imtahana hazırlıq, həmçinin öz ixtisasları üzrə yeni biliklər əldə etmək üçün məşğul olurlar. Direktor hazırda yaz imtahan sessiyasının başladığını xatırladaraq, bu sessiyanın nəticələrinin görülən işin uğurlu olub-olmamasını ortaya qoyacağını diqqətə çatdırdı. Tələbələrin biliklərinin düzgün qiymətləndirilməsindən, imtahan sessiyalarının şəffaf təşkil olunmasından söhbət açan V.Allahverdiyev qeyd etdi ki, 6 ay bundan öncə təhsil müəssisəsinə direktor təyin olunduqdan dərhal sonra ilk gördüyü işlərdən biri kollecdə imtahan komissiyasına sözün əsl mənasında vicdanlı, neqativ hallardan uzaq olan əməkdaşları cəlb etmək olub. Onun sözlərinə görə, tələbələrin imtahanlarında onların valideynlərinin iştirakına da şərait yaradılıb: "İstənilən tələbənin valideyni sərbəst şəkildə öz övladının imtahan prosesini auditoriyada izləyə bilər. İmtahan prosesinin təşkili ilə yanaşı, əsas məqamlardan biri də tələbələrin cavablarının yoxlanması prosesidir. Kollecdə dərs deyən müəllim imtahan cavablarının yoxlanmasında birbaşa iştirak etmir. İmtahan cavablarını şöbənin digər müəllimi yoxlayır. İmtahan cavab vərəqləri kodlaşdırıldığından müəllim həmin cavabların hansı tələbəyə məxsus olduğunu bilmir. Hətta direktorun da ixtiyarı yoxdur ki, bu prosesə müdaxilə etsin. Bu addımları atmaqla nəinki neqativ halların qarşısı alınıb, hətta müəllimlərin, yaxud köməkçi heyətdən kimlərinsə kimisə himayə etmək halları da mümkünsüz olub”.

Direktor V.Allahverdiyev söylədi ki, imtahan cavablarının yoxlanması üçün kamera nəzarəti olan xüsusi otaqlar ayrılıb. Onun sözlərinə görə, nəticələrdən razı qalmayan tələbələrin müraciətlərinə baxılması üçün kollecdə xüsusi komissiya da yaradılıb: "Əgər hər hansı tələbə hesab edirsə ki, onun imtahan cavabları obyektiv qiymətləndirilməyib, o, heç bir təzyiq və ya təsirlə üzləşmədən komissiyaya müraciət edə bilir. Müraciət qəbul edildikdən dərhal sonra həmin tələbənin imtahan cavabı yerindəcə təkrar yoxlanılır və rəy verilir. İmtahanın nəticələri barədə məlumatlar kollecin saytında yerləşdirilir. Beləliklə, hər bir tələbə kollecə gəlmədən də imtahan nəticələrini öyrənə bilər. Yəni, şəffaflığı ən yüksək səviyyədə təmin etməklə imtahan prosesindəki bütün neqativ halların qarşısını ala bilmişik. Tam məsuliyyətimlə deyə bilərəm ki, tələbələrin bilik və bacarıqları obyektiv qiymətləndirilir”.

Kollec direktorunun münasibətini öyrəndikdən sonra tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyeviniştirakı ilə bir daha auditoriyaları gəzib imtahan prosesini izləyə bildik. Söhbət əsnasında Nofəl müəllim bildirdi ki, BİTKol-da iyun ayının 1-dən iyul ayının 5-ə qədər davam edəcək yaz imtahan sessiyasında 528 imtahan keçirilməsi nəzərdə tutulub. Həmsöhbətimin dediyinə görə, həmin imtahanlardan 53-ü yekun dövlət attestasiya imtahanıdır: "Kollecin Pedaqoji Şurasının qərarı əsasında orta ixtisas təhsil müəssisələri arasında yalnız BİTKol-da fənlərinin saxlanması şərtilə tələbələr 1 yekun dövlət attestasiya imtahanı verirlər. Həmin imtahanın hər bir bilet suallarında bütün fənlər əhatə olunur. Digər kolleclərdə isə 2 yekun dövlət attestasiya imtahanı verilir. Ali təhsil müəssisələrinin təcrübəsi göstərir ki, yekun dövlət attestasiya imtahanı 1 dəfə olmalıdır. Biz də zamanla ali təhsil alarkən bu qayda ilə imtahan vermişik”.

N.Nəbiyev onu da əlavə etdi ki, kollecin direktoru V.Allahverdiyevin Təhsil Nazirliyinə ünvanladığı məktub əsasında yalnız ali təhsil müəssisələrindən elmi dərəcəsi, səriştəsi, pedaqoji təcrübəsi olan müəllimlər imtahan prosesində iştirak etmək üçün kollecə dəvət olunublar: "Həmin şəxslər yekun dövlət attestasiya imtahan komissiyalarına sədrlik edirlər. Sədrlərin müavinləri isə kollecin direktoru və direktor müavinləridir. Bu addım bilavasitə Təhsil Nazirliyinin razılığı ilə atılıb. Məqsəd imtahan prosesinin şəffaflığını, obyektivliyini tam təmin etmək, kənar müdaxilələrin qarşısını almaqdır. Təhsil Nazirliyinin razılığı ilə ilk növbədə kollecdə İdarəetmə Şöbəsi yaradılıb. Belə bir şöbə heç bir orta ixtisas təhsil müəssisəsində yoxdur. İmtahan sessiyasının təşkili ilə bilavasitə bu şöbə məşğul olur. Kollecin digər şöbələrinin müdirləri, müəllimlər imtahan sessiyasına heç bir halda müdaxilə edə bilmirlər. İmtahan prosesinin təşkili birtərəfli qaydada kollec rəhbərliyinin əlində cəmləşdirilməyib. Beləliklə də kollecdə imtahan sessiyalarının şəffaf, demokratik, ədalətli təşkili mümkün olub”.

Nöfəl müəllim söylədi ki, yaz imtahan sessiyasının gedişi ilə paralel olaraq, hazırda kollecdə yay imtahan sessiyasına hazırlıq işləri də davam etdirilir. Onun sözlərinə görə, payız imtahan sessiyasının nəticələrinə görə, 17 fənn üzrə akademik borcu olan 300-ə yaxın tələbə ərizə ilə müraciət edərək yay imtahan sessiyasında iştirak etmək arzularını bildiriblər. Direktor müavini bildirdi ki, tədris proqramına uyğun olaraq, yay imtahan sessiyası iyul-avqust aylarında təşkil olunacaqdır.

Direktor müavini ilə söhbətləşərkən bir qrup tələbənin imtahan verib çıxdığının şahidi olduq. Dərhal onlara yaxınlaşıb təəssüratlarını, imtahanda suallara necə cavab verdiklərini, öz cavablarından razı qalıb-qalmadıqlarını soruşduq. "Texnologiya müəllimliyi” ixtisası üzrə 202-ci qrup tələbəsi Türkanə İmanova dövlət imtahanına yaxşı hazırlaşdığını, biletin 5 sualının hamısını cavablandırdığını bildirdi. O, qış imtahan sessiyasında da imtahanları uğurla verdiyini söylədi. Qeyd etdi ki, tələbənin biliyinə uyğun olaraq, tam ədalətli qiymətləndirmə olub. Türkanənin fikirlərini tələbələrdənAytən Əsgərli, Günay Abdullayeva və başqaları da təkrarladılar. Onların hamısı imtahanı yaxşı verdiklərini, nəticələrdən yüksək qiymət alacaqlarına əminliklərini vurğuladılar.

Kollecin həyətində övladının imtahandan çıxmasını səbirsizliklə gözləyən valideynlərlə də həmsöhbət olmaq imkanımız oldu. Məlahət Zülfüqarova qızı Humayın birinci kurs tələbəsi olduğunu, hazırda imtahan verdiyini söylədi. O, qızının çalışqan olduğunu, böyük məsuliyyətlə imtahanlara hazırlaşdığını qeyd etdi. Əminliklə bildirdi ki, qızı Humay birinci semestrin sonunda olduğu kimi, indi də bütün imtahanları uğurla verəcək. Məlahət xanım kollec rəhbərliyindən, müəllimlərdən hər hansı narazılığının olmadığını, imtahanlara kənar müdaxilənin edilmədiyini, hər bir tələbənin öz biliyinə uyğun qiymət aldığını da dilə gətirdi.

Rufik İSMAYILOV

http://kaspi.az/az/imtahanlarda-valideynlerin-de-istirakina-serait-yaradilib-reportaj-fotolar/