Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) kitabxanasında XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin 300 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru Varis Allahverdiyev açaraq, 2017-ci ildə böyük Azərbaycan şairi M.P.Vaqifin anadan olmasının 300 illiyinin tamam olduğunu xatırladıb. O, M.P.Vaqifin Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdən biri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Vaqifin yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərib. Direktor bildirib ki, 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olub. V.Allahverdiyev deyib ki, M.P.Vaqifin adının YUNESKO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən ən yüksək qiymətdir. Kollecin direktoru bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev də cari il yanvarın 12-də böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Direktorun sözlərinə görə, Vaqifin yaradıcılığı daim tədqiqat obyektinə çevrilib, əsərləri kütləvi tirajla nəşr edilib və yubileyləri keçirilib.

Kollecin Azərbaycan dili və Ədəbiyyatı müəlliməsi Rüxsarə Nəsibova şair M.P.Vaqifin həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, görkəmli Azərbaycan şairi M.P.Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub: “Vaqif yaxşı təhsil görüb, fars və ərəb dillərini öyrənib, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik olub. Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib, elmi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını alıb. Qarabağa gəldikdən az sonra Şuşada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi baş vəzir təyin edib. Şair 1797-ci ildə oğlu Əli bəylə birlikdə öldürülüb. Vaqifin evi talan olunub, əlyazmaları yandırılıb”.

R.Nəsibova bildirib ki, M.P.Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə etsə də, yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Müəllimənin sözlərinə görə, şairin “Durnalar”, “Heyran olmuşam”, “Toy adamları”, “Sonalar kimi”, “Tel nazik” və başqa şeirlərinə mahnılar bəstələnib. Səməd Vurğun “Vaqif” dramını və Ramiz Mustafayev eyni adlı operanı istedadlı şairə həsr edib.

Çıxışlardan sonra kollecin müəllimi Etibar Abdalov M.P.Vaqifin sözlərinə bəstələnmiş mahnını sazda ifa edib. Kollecin tələbələri isə M.P.Vaqifin qəzəl və qoşmalarını bədii qiraət ediblər. Bununla yanaşı, tələbələr “Vaqif” dramından bəzi səhnələri də nümayiş etdiriblər.