9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Kollecin akt zalında keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni və tələbələrin ifasında “Gənc texnoloqların marşı” səsləndirilib.

Sonra kollecin tərbiyə işləri üzrə direktor müavini Xalid Məcidov çıxış edərək, bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. Qeyd edib ki, Azərbaycanda da bayrağa bu cür münasibət bəslənməklə yanaşı, onu müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər. Direktor müavininin sözlərinə görə, tarixən ən böyük səltənət sahibləri, cahangirlər, hökmdarlar, dünyaşöhrətli sərkərdələr, sərdarlar bayraq önündə diz çökməyi, bayrağın ətəyindən öpməyi özlərinə şərəf-şan biliblər. İstiqlal və azadlıq mücahidləri bayraq uğrunda mübarizə aparmağı, hətta zərurət yarananda qan tökməyi, canlarından keçməyi həyatlarının mənası hesab ediblər. X.Məcidov deyib ki, Bayraq Gününün təsis edilməsi, ümumxalq bayramı kimi qeyd olunması dövlətçilik, milli həmrəylik, vətənpərvərlik hislərinin şüurlara çatdırılması baxımından əvəzolunmaz və təsirli tərbiyə vasitəsidir.

Kollecin tarix müəllimi Fəqumə Fərəcova dövlət rəmzi sayılan bayrağımızın tarixindən söhbət açıb. Bildirib ki, 1918-ci il may ayının 28-də Azərbaycan ərazisində Demokratik Respublika (ADR) elan edilib və iyunun 24-də al qırmızı rəngli, üzərində aypara və 8 guşəli ulduz təsvir olunmuş bayraq Şərqin ilk Respublikasının dövlət rəmzinə çevrilib. Qafqaz İslam Ordusu tərəfindən Bakı şəhəri rus-daşnak silahlılarından azad edildikfən bir müddət sonra isə göy, qırmızı, yaşıl zolaqlardan ibarət ay-ulduzlu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin əsas dövlət rəmzi kimi qəbul edilib. Bayrağın rəngləri türk milli mədəniyyətini, İslam sivilizasiyasını və müasir Avropanın demokratik əsaslarını özündə ifadə edib. F.Fərəcova deyib ki, ADR 1920-ci il 28 aprel tarixində ruslar tərəfindən işğal ediləndən, süquta yetiriləndən sonra dövlət rəmzi sayılan 3 rəngli bayraq da dəyişdirilib. Azərbaycan Sovet Sosialist Respublikası elan edilib, 1991-ci ilə kimi bu dövlətin bayrağı 6 dəfə dəyişkənliyə məruz qalıb. XX əsrin əvvəllərində qurulan ADR-in əsas rəmzi sayılan 3 rəngli, ay-ulduzlu bayraq 70 ildən sonra yalnız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bərpa edilib. Ulu öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 17 noyabr 1990-cı ildə bu barədə qərar verib və həmin bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 5 fevral 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Tarix müəllimi bildirib ki, həmin vaxtdan etibarən bu bayraq Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilir, Azərbaycan dövlətinin suverenlik rəmzi sayılır.

Kollecin tədris istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov isə vurğulayıb ki, dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələrində, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Onun sözlərinə görə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu ilin sentyabrın 1-də ölkə başçısının iştirakı ilə Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində Dövlət Bayrağı Meydanı memorial abidə-istirahət parkı istifadəyə verilib. Natiq qeyd edib ki, hazırda burada 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. “Ginnes” Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyini dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Buradakı meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. Direktor müavini bildirib ki, sözügedən muzey Azərbaycan vətəndaşlarının tez-tez ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Tədbirə kollecin direktoru Varis Allahverdiyev yekun vurub. V.Allahverdiyev qarşıdan gələn 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə tələbə və müəllimləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

 

http://www.azadinform.az/news/a-157344.html


http://www.aznews.az/news/cemiyyet/155905.html


https://525.az/site/?name=xeber&news_id=89292#gsc.tab=0


http://www.adalet.az/w138561/9_noyabr_–_Dövlət_Bayrağı_Günü_münasibətilə_tədbir_keçirilib_/#.WiEmzVVl-M_


http://kaspi.az/az/9-noyabr-dvlet-bayrai-gunu-munasibetile-tedbir-kecirilib-fotolar/