1İYUN – Uşaqları Beynəlxalq Müdafiə Günüdür.


XX əsrdə uşaqlar daha çox təcavüzə, zorakılığa, irqi ayrı-seçkiliyə, deportasiya və soyqırımlara məruz qalmış insanlardır. Bu əsrdə baş vermiş iki dünya müharibəsi, lokal müharibələr, dini, irqi və etnik zəmində toqquşmalar, aparteid, soyqırımları yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, ən adi insan hüquqları kobudcasına pozulmuşdur. İndi də dünyanın bir çox ölkələrində uşaqlar aclıqdan əziyyət çəkirlər. Uşaq alveri, uşaqların bədən orqanlarının çıxarılaraq satılması kimi insanlığa yaraşmayan hərəkətlər hələ də davam etməkdədir. Erməni faşistləri minlərlə azərbaycanlı uşağını xüsusi amansızlıqla qətlə yetirmiş, onlara qarşı misli görünməmiş zorakılıqlar törətmişlər.

Gələcəyin qurucuları olan uşaqları haqsızlıqlardan qorumaq bəşəriyyəti daim narahat edən məsələlərdir. İyunun 1-ni Uşaqları Beynəlxalq Müdafiə Günü elan etmək də bu zərurətdən doğmuşdur. Beynəlxalq bayramlar içərisində daha çox tarixə malik olanı da məhz bu bayramdır. Həmin günün qeyd olunması haqqında qərar Beynəlxalq Demokratik Federasiyanın 1949-cu ilin noyabrında keçirilmiş xüsusi sessiyasında qəbul olunmuşdur. Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1950-ci ilin 1 iyununda qeyd olunmuşdur. BMT bu təşəbbüsü bəyənmiş və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan etmişdir.

BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya" adlı sənədi uşaqların hansı dövlətdə yaşamasından asılı olmayaraq, onların hüquqlarını tam əhatə edir. Konvensiyaya qoşulan dövlətlər onun müddəaları ilə hüquqi nöqteyi-nəzərdən razılaşdıqlarını bəyan edirlər, yəni bu müddəalardakı göstərişlərin yerinə yetirilməsi öhdəliyini öz üzərilərinə götürürlər. Onlar bu istiqamətdə görülən tədbirlər haqqında məlumatı vaxtaşırı olaraq BMT-nin İnsan Hüquqları haqqında Komitəsinə təqdim edirlər. Hazırda Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan Respublikası bu Konvensiyanı 1992-ci ildə ratifikasiya edib.

Konvensiyanın əsas fəlsəfi ideyası uşaq şəxsiyyətidir. Konvensiyada əsas müddəa uşağın maksimum müdafiəsidir. Bununla yanaşı, Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosialsiyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraiti yaratmağa çağırır.
Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, özlərinin və ya valideynlərinin sağlamlıq vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər.
Uşağın bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbə-də uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur.

YUNİSEF-in "XXI əsr üçün gündəlik" - XXI yüzillikdə ətraf mühit və inkişaf üzrə Qlobal Fəaliyyət Proqramında deyilir ki, "Uşaqların gələcəkdə yaşlıların qeyri-kamil dünyasının passiv qurbanları rolunu oynamaması üçün onlar öz hüquqlarını bilməli, gələcək üçün öz məqsədlərini başa düşməli və buna uyğun hərəkət etməlidirlər".

 

Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Bu sahədə əsas milli sənəd olan "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Hər il iyunun 1-i günü ölkəmizdə də Uşaqların Beynəlxalq Müdafiə Günü kimi geniş qeyd olunur.